Şəhid ailələri ziyarət olunub

 

Beynəlxalq Gənclər Günü ərəfəsində Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının birgə təşkilatçılığı ilə bir qrup könüllü gənc tərəfindən Babək rayonunun Yarımca, Məmmədrza Dizə, Kəlbəoruc Dizə kəndlərində yaşayan şəhid ailələri ziyarət olunub. Tədbir iştirakçıları şəhidlərimiz – Vəlizadə İbrahim Səməd oğlu, İbrahimov Ayaz Sultan oğlu və Məmmədov Şəhriyar Müzəffər oğlunun ailə üzvləri ilə görüşərək qəhrəmanlarımızın həyatı, döyüş yolu və şücaəti barədə məlumatlandırılıblar.
 
Gənclər və idman nazirinin müavini, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Məcid Seyidov, Milli Məclisin deputatı, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev görüşlər zamanı şücaətli, cəsur, eyni zamanda vətənpərvər övlad yetişdirdikləri üçün şəhid valideynlərinə dərin minnətdarlıqlarını bildiriblər.
 
İştirakçılara qəhrəman şəhidlərimizin xidməti fəaliyyəti, təltif edildikləri orden və medallar barədə məlumat verilib. Ailə üzvləri onların özünəməxsus xüsusiyyətləri ilə bağlı fikirlər səsləndirib, xatirələrini bölüşüblər. Gənclər şəhidlərimizə aid xatirə guşələri ilə də tanış olublar.